Prezidentin AMEA  ilə bağlı imzaladığı sənəd çox ciddi islahatın əsasını qoydu - Aydın Xan Əbilov

15:22 01.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Milli Elmlər Akademiyası müasir tariximizin dəyərlərindən biridir. Orda kimlərin işləməsindən, elmi tədqiqatların səviyyəsindən asılı olmayaraq bu ictimai təsisatı birdən-birə yox etmək olmazdı. Ona görə də ölkə Prezidentinin imzaladığı sənəd  çox ciddi bir islahatın əsasını qoydu”.

Bunu hafta.az-a sosioloq-kulturoloq Aydın Xan Əbilov AMEA ətrafında aparılan son müzakirələrin mahiyyətini təhlil edərkən bildirib.

A.X.Əbilov qeyd edib ki, Elmlər Akademiyasının ləğvini gözləyən bir çox şəxslərə rəğmən cənab Prezident elm və təhsili birləşdirəcək yeni bir islahatın başlanğıcını qoydu. Elmlər Akademiyasının bir çox tədqiqat institutları ya Mədəniyyət Nazirliyinin, ya da yenicə formalaşdırılmış Elm və Təhsil Nazirliyinin tabeçiliynə verildi.

“Elmlər Akademiyası Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir. Hər hansı bir dövlət öz təsisatları, elmi-texniki innovasiyalara açıq olması ilə tanınır. Bu baxımdan AMEA-nın tarixi mövqeyi əvəzolunmazdır. Bu gün həm Elmlər Akademiyasının yeni nazamnaməsinin hazırlanması, həm də Elm və Təhsil Nazirliyinin formalaşdırılması ilə bağlı işlər aparılır”. 

A.X.Əbilov bildirib ki, bu gün Azərbaycanda təhsil və elmin səviyyəsi dünya standartlarına uyğun deyil. Onun fikrincə, istər sovet dövründə, istərsə də müstəqillik dönəmində bununla bağlı həmişə ictimai diskusiyalar, debatlar  aparılıb. O, bildirib ki, bununla belə Azərbaycan vaxtilə fundamental elm sahələrinin, xüsusən də neftlə bağlı sənayenin inkişafına təkan verəcək tədqiqat işlərinə görə nəinki keçmiş SSRİ, həm də dünyanın aparıcı elm mərkəzlərindən biri sayılırdı. 

“Son 30 ildə elmə, fundamental sahələrə diqqət azaldıqca onlar zəifləməyə başladı. AMEA bunun günahını universitetlərdə,  universitetlər isə AMEA-da axtarırdılar. 

Bu gün alimlərimizin, tədqiqatçılarımızın günün tələblərinə uyğun işlər aparıb-aparmaması müzakirə oluna bilər. Amma bunu da rəqabətə davamlı, müsabiqə yönümlü, qrant yönümlü formata keçirməklə gücləndirmək olar.

İstərdik ki, AMEA Elm və Təhsil Nazirliyinin tabeliyinə keçsə də, rəqabətədavamlı bir qurum kimi fəaliyyət göstərsin”.

Sosioloq qeyd edib ki, keçmişdə AMEA-nın alimləri ilə universitetlər arasında çox böyük rəqabət var idi. Hətta təhsil Nazirliyi ilə AMEA arasında çox ciddi, texnoloji rəqabət, bəzən savaş, bəzən davalar yarışmalar var idi. Bu da Azərbaycan elmini inkişafa aparırdı. Nazirliyin tənbəl məmurları, universitetin liberal müəllimləri ilə, Elmlər Akademiyasının oturuşmuş alimləri arasındakı o rəqabət elmlərin inkişafına səbəb olmuşdu. Amma indi fundamental elmlər arxa plana keçib. Çünki fundamental elmləri süni intellekt, kampyuter texnologiyaları əvəzləyir. Bu mənada alimlər də innovasiyalara, startaplara açıq olmalıdırlar. Yenilikləri biznesə çevirmək üçün yollar axtarmalıdırlar. 

A.X.Əbilov Elmlər Akademiyasının şəhərin mərkəzində olan mülklərinə, torpaq sahələrinə diqqət çəkərək, bunların tariximizə, xalqımıza məxsus abidələr olduğunu qeyd edib. O, AMEA-nın bir çox müəssisələrin ləğv olunma ehtimalını qorxulu məqam kimi qeyd edib. Eyni zamanda hansısa işbazların o torpaqları ələ keçirmək sevdasına düşməsini də istisna etməyib. Bir çox kitabxanaların ləğv olunaraq biznes məkanlarına çevrilməsi faktı üzərindən yaranan qalmaqalları qeyd edən A.X.Əbilov vaxt keçdikcə həmin şəxslərin cavabdehlik daşıyacağını bildirib.

Bütün bunlarla yanaşı, A.X.Əbilov hesab edir ki, Azərbaycanın böyük elmi potensialı var.

“Amma Azərbaycan onu realaşdırmaq üçün kiçik ölkədir. Biz Azərbaycanı elmi potensialı və elmi texnologiyaları xammal kimi xaricə ixrac edən ölkəyə çevirə bilərik. Bununla yanaşı ictimai nəzarət sistemi olmalıdır. Təhsil Nazirliyinin də kifayət problemləri var. Yeni qurumları da onlara verməklə bir qədər onları yükləmiş oluruq. İctimai nəzarət yoxdursa, bu xaosa apara bilər”.